ABŞ sərhədçiləri sərhədi qanunsuz keçən 14 Meksika hərbçisini saxlayıblar.
APA bildirir ki, hadisə sentyabrın 25-də Texas ştatının El Paso bölgəsində baş verib.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyindən bildirilib ki, meksikalı hərbçilər iki hərbi maşında olublar.
Bir neçə saat saxlanılan hərbçilər sərhədi təsadüfən keçdiklərini, ölkədən qıraqda olduqlarının fərqinə varmadıqlarını bildiriblər.
Hərbçilərdən birində şəxsi istifadə üçün nəzərdə tutulmuş az miqdarda marixuana aşkar edilib. Onun inzibati məsuliyyətə cəlb olunacağı vurğulanıb.
Hadisə ilə bağlı Meksika hərbi rəhbərliyinə məlumat verilib. Hərbçilərin hamısı bir neçə saat ərzində Meksikaya qaytarılıb.