Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
Senzor.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Şavkat Miromonoviç,
Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə keçirilən növbədənkənar seçkilərdə qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermənin nəticələri milli iradənin ifadəsi, Özbəkistan vətəndaşlarının Sizin şəxsinizə olan sonsuz etimadının, inamının və hörmətinin, ölkənizin hərtərəfli inkişafı, rifahı və tərəqqisi naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyinin bariz təzahürüdür.
Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Xalqlarımızın iradə və məramından qaynaqlanan, qarşılıqlı inam və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi, tərəfdaşlığımızın yüksələn xətlə inkişaf etməsi xüsusi məmnunluq doğurur.
Sevindirici haldır ki, son dövrdə ikitərəfli münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq.
Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan Respublikasının və xalqının əmin-amanlığı və firavanlığı naminə məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
**10:12
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib və Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib.
Özbəkistan Prezidenti təbriklərə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların və qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını bildiriblər.
Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.