"Hazırda Ermənistanın sərhədyanı bölgədə, Arazdəyəndə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməsi böyük cinayətdir".
Bunu Baş prokuror Kamran Əliyev Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxışı zamanı deyib.
O bildirib ki, iri metallurgiya zavodunun inşası və zəhərli maddələrin Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülməsi böyük cinayətdir: "Biz bunu dəfələrlə müzakirə etmişik və ötən iki gün ərzində Türkiyəli həmkarlarımızla yenə də müzakirə etdik. Araz çayının çirklənməsi su ehtiyatlarının keyfiyyətinə, həmçinin bu zonada olan fauna və floraya də birbaşa təsir göstərir. Sədərək rayonunun yaxınlığında tikiləcək zavodun fəaliyyəti nəticəsində təkcə Araz çayı çirkləndirilməyəcək, həmçinin havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcək. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq”.
“Ermənistan yenə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozur. Bu, Ermənistanın beynəlxalq ekoloji hüquq normalarına riayət etməməsi kimi ilk hal deyil", - Baş prokuror vurğulayıb.
**12:22
"Hər hansı ölkələr arasında belə konfransın keçirildiyini xatırlamıram. Bu da Azərbaycan və Türkiyə arasında olan dostluğun, qardaşlığın nümunəsidir"
Bunu Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, Naxçıvanda olduğu müddətdə türkiyəli həmkarları ilə bir sıra məsələlər müzakirə edilib:
"Daha çox müzakirə olunan məsələ Ermənistanı sərhədyanı bölgədə törətdiyi ekoloji cinayətdir. Araz çayının hansı səviyyədə çirkləndirilməsi məlumdur və son zamanlar orada zavodun inşası ekoloji cinayətin törədilməsinə gətirib çıxarıb. Bunu Cənab Prezident Qoşulmama Hərəkatında da dilə gətirdi və Ermənistanın hansı cinayətlər törətdiyini bir daha diqqətə çatdırdı. Bu zavodun inşası həm Türkiyə, həm də Azərbaycan üçün böyük problemlər yaradır və biz bunu beynəlxalq aləmə ekoloji cinayət kimi çatdırmışıq. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir”- deyə Baş prokuror əlavə edib.
**12:14
Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilir.
Bu barədə Senzor.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, konfransda Azərbaycanın Baş prokuror Kamran Əliyev, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Ali Məhkəməsinin sədri, Mehmet Akarca, Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Muxtar Respublikanın Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və Ali Məhkəməsinin sədri, prokurorluq əməkdaşları və digər rəsmi şəxslər iştirak edir.