İyulun 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən Senzor.az-a bildirilib ki, görüşdə Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın sərhəd buraxılış məntəqəsində yaranmış son vəziyyət, habelə BQXK-nın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış son vəziyyətlə əlaqədar bildirib ki, iyunun 15-də məntəqənin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətinin olmadığını göstərir.
BQXK-nın 11 iyul tarixli açıqlamasında bəyan edilməmiş məhsulların keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini diqqətə çatdırmasının və belə yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülərinin xidməti müqavilələrinə xitam verilməsinin qeydə alındığı və təqdirəlayiq olduğu bildirilib.
Gələcəkdə bu kimi halların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.
Aparılmış müzakirələr zamanı, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyü nazir Ceyhun Bayramov tərəfindən bildirilib.
Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu bir daha xatırlanıb.
Görüş zamanı, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.