Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Dövlətində rəsmi səfərdədir.
Anadolu agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani tərəfindən rəsmi qarşılanma mərasimi olub. İki ölkənin dövlət himnləri səsləndirilib.
İki ölkənin nümayəndə heyətlərinin təqdimatından sonra Ərdoğan və Al Tani təkbətək görüşüblər.
**22:19
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfərə gəlib.
Bu barədə Qətər Xəbər Agentliyi məlumat yayıb.
Türkiyə Prezidentinin ərəb dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcəyi gözlənilir.
Ərdoğanın Fars körfəzi ölkələrinə 3 günlük səfərinin ikinci dayanacağı Qətərdir ki, bu da ölkə iqtisadiyyatına investisiya cəlb etmək məqsədi daşıyır.
Türkiyə Prezidenti bundan əvvəl Səudiyyə Ərəbistanına səfər edib, Qətər səfərindən sonra isə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Səfərin yekunlarına əsasən Ərdoğan region ölkələrinin hökumətləri və iri şirkətləri ilə 50 milyard dollardan çox investisiya müqaviləsi imzalamağı planlaşdırır.
Qətər Türkiyə iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkələrdən biridir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 18% artaraq təxminən 2,2 milyard dollara çatıb.