Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Belarusa gələn muzdlular qarşısında çıxış edib.
Bununla bağlı videogörüntülər “Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli olan “Razqruzka Vaqnera” və “Orkestr Vaqnera” “Telegram” kanallarında yayımlanıb.
Videoda Priqojin ləyaqətlə döyüşdüklərini və Rusiya üçün çox şey etdiklərini bildirib.
“İndi cəbhədə baş verənlər biabırçılıqdır və bizim orada iştirak etməyimizə ehtiyac yoxdur. Özümüzü tam şəkildə sübut edə biləcəyimiz anı gözləməliyik. Ona görə də qərara alındı ki, bir müddət burada, Belarusda qalaq”, - deyə Priqojin qeyd edib.
O, həmçinin bəyan edib ki, “Vaqner” Belarusda olduğu müddətdə onlar Belarus ordusunu dünyanın ikinci ordusuna çevirəcəklər və lazım gələrsə, onların müdafiəsinə qalxacaqlar.
Priqojin eyni zamanda muzdlulardan xahiş edib ki, belarusların onları “təkcə qəhrəman kimi deyil, həm də qardaş kimi” qarşıladıqlarına diqqət yetirsinlər.
O, daha sonra “Vaqner”çiləri hazırlaşmağa, öz səviyyələrini yüksəltməyə və yeni yola – Afrikaya çağırıb. “Və bəlkə də Rusiya Silahlı Qüvvələrinə o zaman qayıdacağıq ki, bizi özümüzdən və təcrübəmizdən utanmağa məcbur etməyəcəklər”, - deyə Yevgeni Priqojin əlavə edib.
https://www.youtube.com/watch?v=4xRsOg2mLt0