Ukraynanın Rusiya işğalından azad edilən ərazilərində minatəmizləmə işləri zamanı Ermənistan istehsalı olan “E-001” piyada əleyhinə minalar tapılıb.
Trend xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksandr Kovalenko özünün Teleqram kanalında yazıb.
“Bunun erməni minası olduğuna şübhə ola bilməz, mən şəxsən onları Qarabağda görmüşəm. Qeyd edim ki, əvvəllər Ermənistanın Rusiya ordusuna belə minaları verməsi haqqında məlumat yox idi. Amma hələlik tələsik nəticələr çıxarmazdım. İndiki mərhələdə bu minalardan nə qədərinin rus işğalçıları tərəfindən istifadə edildiyini və ümumiyyətlə onları necə əldə etdiklərini söyləmək çətindir. Çatdırılma yalnız qaçaqmalçılıq yolu ilə ola bilər”, - deyə Kovalenko bildirib.