Azərbaycan və Serbiya XİN başçıları strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
YENİLƏNİB


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb.


Bu barədə Senzor.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.


C.Bayramov və İ.Daçiç arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.


Görüş zamanı, hər iki tərəf ölkələr arasında mövcud olan əməkdaşlığın müxtəlif sahələrini və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsəd və istiqamətləri hərtərəfli müzakirə ediblər. İki ölkə arasında qarşılıqlı inam və hörmətə əsaslanan münasibət çərçivəsində iki ölkənin suverenlik və ərazi bütövlüyünə verdiyi dəstək bir daha vurğulanıb.


Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyətin, iqtisadi və mədəni əməkdaşlığın, o cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təhsil, turizm, alternativ enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşmış şəhər təcrübəsinin digər şəhərlərimiz arasında da yaradılmasının vacib olduğu bildirilib.


İki ölkə arasında iqtisadi əlaqələrə gəlincə, əməkdaşlığın potensial sahələrinin müəyyən edilməsi və ümumi maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Serbiyanın müvafiq orqanlarının birgə səylərinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.


Görüşdə Cənub Qaz Dəhlizi çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və TAP birləşdirici boru kəmərləri vasitəsilə Serbiya və Balkan regionuna təbii qazın nəqli imkanlarının araşdırılması məqsədilə başlanmış ikitərəfli məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyi qeyd edilib.


Görüş zamanı Serbiyadan olan şirkətlər və investorlar Ələt Azad İqtisadi Zonada, eləcə də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi geniş miqyaslı bərpa işlərində iştirak etmək, eləcə də bu bölgələrdə mümkün investisiya sahələrini araşdırmaq üçün dəvət olunub.


Nazir Ceyhun Bayramov 44 günlük Vətən Müharibəsi və ölkəmizin Zəfər qazanmasından sonra sülh prosesi və bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə həmkarını ətraflı məlumatlandırıb. Bununla yanaşı, 24 saatlıq anti-terror tədbirlərini şərtləndirən amillər və suverenliyimizin tam bərpa edilməsindən sonra bölgədə yaranmış vəziyyət diqqətə çatdırılıb.


Nazir İvitsa Daçiç Serbiyanın Azərbaycanla strateji əməkdaçlığa xüsusi önəm verdiyini, ölkələrimizin qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə verdiyi dəstəyin əhəmiyyəti qeyd edib.


Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Görüş zamanı həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sazişin imzalanma mərasimi baş tutub.


Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.


Görüşlərdən sonra nazir Ceyhun Bayramov və Xarici İşlər Nazirliyində dövlət katibi Qoran Aleksiçin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Belqradın Dostluq parkında Çinar ağacları əkiblər. Daha sonra, nazir Ceyhun Bayramov və XİN-in dövlət katibi “Taşmaydan” parkında Ulu Öndərin abidəsini ziyarət edib və əklil qoyublar.

**16:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Daçiç ilə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə C.Bayramov "X" hesabında yazıb.


"Serbiya Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Daçiç ilə görüşməkdən və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı məqsədləri müzakirə etməkdən məmnun oldum",- nazir bildirib.

**

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.


Senzor.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasındakı mövcud ikitərəfli münasibətlərin inkişaf perspektivləri və iki ölkə arasında parlamentlərarası müstəvidə əlaqələr müzakirə edilib.


Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu qeyd edib.


Bununla əlaqədar, çoxtərəfli platformalarda iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstək vurğulanıb.


Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasından söz açan nazir Ceyhun Bayramov, qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.


Parlamentlərarası müstəvidə Milli Assambleyanın sədri V.Orliçin bu il baş tutmuş işgüzar və rəsmi səfərləri, habelə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Serbiyaya rəsmi səfəri xatırlanıb.


Ölkələr arasında iqtisadi, enerji, ticarət dövriyyəsinin artırılması, informasiya texnologiyaları, turizm və s. sahələrdə əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov bu sahədə geniş inkişaf potensialının olduğunu vurğulayıb və bu sahədə Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib.


Nazir Ceyhun Bayramov Azərbaycanın 24 saat ərzində həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən amillər, bölgədə hazırkı vəziyyət və Ermənistanla sülh prosesinin perspektivləri barədə məlumat verib.


Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

**14:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya rəsmi səfər çərçivəsində bu ölkənin Prezidenti Aleksandr Vuçiç ilə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.


Görüşdə ikitərəfli strateji münasibətlərə dair məsələlər, əməkdaşlığın perspektivləri və son regional hadisələr müzakirə olunub.

**12:57

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Serbiyaya rəsmi səfərə yola düşüb.


Bu barədə Senzor.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Səfər çərçivəsində C.Bayramovun Serbiya xarici işlər naziri İvitsa Daçiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.