Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Senzor.az bildirir ki, Azərbaycan çempionu H qrupundakı dördüncü matçında Almaniyanın "Bayer" komandası ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan və ingiltərəli FIFA referisi Kreyq Pousonun idarə etdiyi qarşılaşmanın taleyini 1 qol həll edib. Əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Viktor Bonifeysin penaltidən vurduğu qol qonaqlara qələbə qazandırıb.
Özü də bu, 85-ci dəqiqədə "köhlən atlar"ın əsas qapıçısı Andrey Lunyov zədələnərək Luka Quqeşaşvili ilə əvəzləndikdən sonra baş verib.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran Leverkuzen təmsilçisi 1/8 finala vəsiqəni təmin edib və qrup liderliyini davam etdirir. 6 xalı olan Ağdam klubu isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” qrupda növbəti oyununu noyabrın 30-da Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.
**09:28
UEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçiriləcək.
Senzor.az bildirir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” növbəti matçına çıxacaq.
H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduqları Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər.
Oyun saat 21:45-də başlayacaq.
Qeyd edək ki, hazırda “Bayer” 9 xalla qrupa liderlik edir, “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.
Qrupun digər görüşündə “Hekken”lə (İsveç) “Molde” (Norveç) birincilərin meydanında üz-üzə gələcəklər.