“Sabah” qəzetinin köşə yazarı, türkiyəli jurnalist Yavuz Donat Azərbaycanla bağlı yazı dərc etdirdikdən sonra müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni lideri Özgür Özəlin telefonla ona zəng etdiyini bildirib.
Senzor.az-ın məlumatına görə, söhbətdə Özəl CHP-nin Azərbaycanla bağlı səhv etdiyini etiraf edib.
“Biz dost və qardaş Azərbaycanı incitdik... Səhv etdik... Bu, bütünlüklə bizim günahımızdır”, - Donat Özəlin sözlərini sitat gətirib.
Jurnalistin yazdığına görə, illərdir CHP-dən belə bir səs, səhvini etiraf edən olmayıb. “Sevindik”, - deyə qəzet əməkdaşı vurğulayıb.
Xatırladaq ki, Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçki öncəsi prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqda məlumat vermiş və xəritə nümayiş etdirmişdi. Onun bu hərəkəti azərbaycanlıları şoka salmışdı. Çünki Kılıçdaroğlunun xəritəsində canlandırmağı hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan keçmirdi. Yəni Kılıçdaroğlu İpək Yolu layihəsindən Azərbaycanı çıxarmış və üstəlik bunu nümayişkaranə şəkildə elan etmişdi. Onun müşaviri Ünal Çeviköz isə hətta Türkiyəni İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana muzdlu döyüşçülər göndərməkdə ittiham etmişdi... Yurnalist öz köşə yazısında məhz bu məqamlara diqqət çəkib...
Eyni zamanda CHP sədri ilk xarici səfərini Şimali Kipr və Azərbaycana edəcəyinə söz verib.
CHP sədrinin “Can Azərbaycanın könlünü alacağını” deyən qəzet əməkdaşı Özəlin bu açıqlamasını ən düzgün seçim adlandırıb.
Onu da qeyd edək ki, noyabrın 5-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının 38-ci növbədənkənar qurultayında Manisadan olan millət vəkili Özgür Özəl yeni sədr seçilib. Seçkilərin ikinci turunda partiya sədri Kamal Kılıçdaroğlu 534, Özəl isə 811 səs toplayıb.
Yeri gəlmişkən, CHP 1923-cü ildə Türkiyənin ilk dövlət başçısı Mustafa Kamal Atatürk tərəfindən yaradılıb.
Senzor.az