UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matç yekunlaşıb.
Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.
"Ayaks"ın qollarını Kennet Teylor, Vaut Veqhorst və Çuba Akpom vurublar.
"Qarabağ"ın heyətində 15-ci dəqiqədə Julio Romao və 79-cu dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulublar…
Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının əsas mərhələsinin I turunda səfərdə "Tottenhem"ə 3:0, ikinci turunda isə İsveçin “Malmö” klubuna Bakıda 1:2 hesabı ilə məğlub olmuşdu.
Onu da qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveçdə "Bodo Qlimt"ə qarşı keçirəcək.
**09:42

"Qarabağ" bu gün UEFA Avropa Liqasında Niderlandın "Ayaks" klubunu qəbul edəcək.
Senzor.az bildirir ki, Liqa mərhələsinin III turuna təsadüf edən qarşılaşma saat 20:45-də start götürəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçı şotlandiyalı FIFA referisi Nikolas Uolşun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu I turda İngiltərədə "Tottenhem"ə (0:3), növbəti görüşdə isə evdə İsveçin "Malmö" kollektivinə uduzub - 1:2. İlk oyunda Türkiyənin "Beşiktaş" klubunu 4 cavabsız qolla üstələyən "Ayaks" ikinci matçda Çexiyada "Slaviya" (Praqa) ilə heç-heçə edib - 1:1.