Tbilisidə hakim “Gürcü Arzusu”nun qalib gəldiyi seçkilərin nəticələrinə qarşı Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyaları ikinci gündür davam edir.
Senzor.az xatırladır ki, ölkə Prezidenti Salome Zurabişvili və müxalifət partiyalarının nümayəndələri səsvermənin nəticələrini tanımayıblar.
Ölkənin Mərkəzi Seçki Komissiyası saxtakarlıq ittihamlarına cavab olaraq, araşdırma aparılması xahişi ilə ölkənin Baş Prokurorluğuna müraciət edib. “Gürcü arzusu” müxalifətin seçkini uduzmasından sonrakı bəyanatlarını “özünə bəraət qazandırmaq üçün ümidsiz cəhd” adlandırıb.
**21:44(29.10.2024)
Tbilisidə müxalifətin Gürcüstan parlamentinin binasına doğru yürüşü başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyaya qatılanların əksəriyyəti seçkilərin nəticələri ilə razılaşmayan tələbələrdir.
Məlumata görə, Tbilisi Dövlət Universitetinin binası yaxınlığında toplaşan etirazçılar Rustaveli prospektində parlament binasına doğru yürüş ediblər. Aksiya iştirakçılarının Gürcüstanın və Avropa İttifaqının (Aİ) bayraqlarını, eləcə də Avropaya inteqrasiyanı dəstəkləyən şüarlar yazılmış plakatlar daşıdıqları bildirilir.
Qeyd edək ki, ötən gün də Tbilisidə parlament binası qarşısında Gürcüstan müxalifətinin oktyabrın 26-da keçirilmiş seçkinin nəticələrinə etiraz aksiyası keçirilmişdi.