Martın 7-də axşam saatlarında Rusiya ordusunun Donetsk vilayətinin Dobropollya yaşayış məntəqəsini atəşə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 11 nəfərə çatıb, 30 nəfər isə yaralanıb.
Senzor.az bildirir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin “Teleqram” səhifəsində məlumat yayılıb.
Hücum nəticəsində 8 beşmərtəbəli bina, bir inzibati bina və 30 avtomobilə ziyan dəyib. Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib.
Rusiya qoşunları, həmçinin martın 8-nə keçən gecə Xarkov vilayətinin Boqoduxovdakı ət kombinatına hava hücumu edib. Bu barədə isə Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov “Teleqram” səhifəsində yazıb.
Onun sözlərinə görə, 4 “Şahed” tipli dronun ət kombinatına çırpılması nəticəsində partlayışla müşahidə olunan yanğın baş verib. Ən azı 3 nəfərin həlak olduğu, 7 nəfərin isə yaralandığı məlum olub.
Odessaya edilən hava hücumu nəticəsində isə mülki və enerji infrastrukturlarına ziyan dəyib.
Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin yaydığı məlumata görə isə, Rusiya ordusu martın 8-nə keçən gecədən Ukrayna ərazisinə kütləvi hava hücumu edib. “Martın 8-nə keçən gecə düşmən Rostov vilayətindən iki “İsgəndər-M/KN-23” ballistik raketi və bir “İsgəndər-K” qanadlı raketi, həmçinin “Şahed” tipli 145 zərbə PUA və müxtəlif tipli pilotsuz uçuş aparatları hücum edib”, - deyə məlumatda bildirilir.
Bu hücum nəticəsində Donetsk, Poltava, Xarkov, Sumı və Odessa vilayətləri zərər çəkib.