Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Qeyd olunub ki, nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, eləcə də regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Söhbət zamanı Azərbaycan və Pakistan liderləri arasında yüksəksəviyyəli təmaslar, habelə sonuncu yüksəksəviyyəli səfərlər zamanı əldə olunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Telefon danışığı zamanı M.İ.Dar Pakistanla Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.