ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun özünün mümkün varisləri ola biləcəyini bildirib.
Bu barədə o, NBC News telekanalına verdiyi müsahibədə bildirib.
"Bu barədə danışmaq hələ tezdir, amma mənim vitse-prezidentim var. Cey Di Vens fantastik iş görür", – deyə Tramp bildirib. O, eyni zamanda əlavə edib: “Marko Rubio da əla biridir.”
Tramp onu da qeyd edib ki, Respublikaçılar Partiyasında liderlik üçün potensialı olan yaxşı insanlar var: “Onların hər biri partiyanın lideri və ölkənin növbəti prezidenti ola bilər.”
Qeyd edək ki, Tramp daha əvvəl ABŞ prezidentliyinə üçüncü dəfə namizəd olmayacağını və 2028-ci ildə hakimiyyəti “ideal olaraq möhtəşəm bir respublikaçıya” təhvil verəcəyini açıqlamışdı.