Mayın 18-nə keçən gecə Rusiya 273 drondan istifadə etməklə, Ukraynaya bu ilin rekord sayda dron hücumunu həyata keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bundan öncə, fevralın 23-də 267 dronla hücum qeydə alınmışdı.
Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu beş istiqamətdən - Bryansk, Kursk, Oryol vilayətləri, həmçinin Millerovo və Primorsko-Axtarsk bölgələrindən hücuma keçib.
Mayın 18-i səhər saatlarına olan məlumata görə, 88 dron vurulub. Hücum Kiyev, Dnepropetrovsk və Donetsk vilayətlərini əhatə edib.
Rusiya Krımdan üç “İskəndər-M” və “KN-23” ballistik raketlərindən də istifadə edib.
Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnikinin sözlərinə görə, Obuxov rayonunda bir qadın aldığı xəsarətlərdən ölüb. 61 yaşlı kişi, 59 yaşlı qadın və 4 yaşlı uşaq isə yaralanıb və xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin vəziyyəti orta-ağırdır.