Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Təl-Əviv şəhərində rəsmi səfərdədir.
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri İsrail Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ilə görüşüb.
Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Rəsmi səfər zamanı Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.