
İsrail Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də Knessetə (parlament) keçirilən seçkilərin nəticələrini təsdiqləyib.
Bu barədə N12 telekanalı məlumat yayıb.
Seçki Komissiyasının ali rəhbərliyinin üç üzvü nəticələrin təsdiqlənməsinə səs verib, iki üzv isə bitərəf qalıb.
“Partiyalardan daxil olan bütün müraciətlərə baxılıb. Seçkilərin şəffaflığına təsir göstərə biləcək hər hansı qanun pozuntusu aşkar edilməyib”, - komissiyanın bəyanatında bildirilib.
Noyabrın 4-də Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini İsrail Prezidenti İsxaq Hersoqa təqdim edəcək. Bundan sonra prezident 26-cı çağırış Knessetə daxil olan partiyaların liderləri ilə məsləhətləşmələrə başlayacaq. Məqsəd hökumətin formalaşdırılması tapşırılacaq deputatın adını müəyyənləşdirməkdir.
Prosedur bir neçə gün davam edə bilər. Baş nazir postuna ilk namizədə hökuməti formalaşdırmaq üçün 28 gün vaxt veriləcək. Zərurət yaranarsa, bu müddət daha iki həftə uzadıla bilər. İlk namizəd uğursuz olarsa, prezident hökuməti formalaşdırmaq hüququnu başqa deputata həvalə edəcək. Həmin deputata isə bu işi başa çatdırmaq üçün uzadılma imkanı olmadan iki həftə vaxt veriləcək.
Parlament seçkilərində heç bir siyasi qüvvə həlledici üstünlük əldə edə bilməyib. Bülletenlərin 100 faizinin hesablanmasının nəticələrinə görə, ilk yeri hazırkı Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı “Likud” Partiyası tutub. Partiya 120 yerlik Knessetdə 27 mandat qazanıb. İkinci yerdə sabiq Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi əsas müxalifət partiyası “Yaşar” qərarlaşıb. Partiya 21 mandat əldə edib.
Ümumilikdə, “Likud” Partiyasının və müttəfiqi olan ifrat sağçı və dini qüvvələrin, yəni hazırkı hakim koalisiyanı təşkil edən blokun Knessetdə 53 mandatı olacaq. Birləşmiş müxalifət isə 48 mandat əldə edib. Daha 19 mandat ərəb partiyalarına məxsus olacaq. Amma hələlik nə “Likud”, nə də müxalifət bu partiyalarla koalisiya qurmağa hazırdır.
Yeni hakim koalisiyanın formalaşdırılması üçün 61 mandatlıq çoxluq tələb olunur. Hazırda heç bir siyasi qüvvə bu həddə yaxınlaşa bilmir.
Baş nazir postuna namizədlərdən heç biri dayanıqlı koalisiya formalaşdıra bilməsə, 90 gün sonra təkrar seçkilər təyin ediləcək.
Yeni hökumət and içərək vəzifəsinin icrasına başlayana qədər Benyamin Netanyahu İsrail hökumətinə rəhbərlik etməyə davam edəcək.
İsrailin yeni parlamentinin ilk iclası noyabrın 10-da keçiriləcək.(Bax:https://www.youtube.com/watch?v=DhdNE3pJOsY)