Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirilmiş şəxs ömürlük azadlıqdan məhrum edilib.
APA xəbər verir ki, məlumatı Gürcüstanın Baş Prokurorluğu yayıb.
Bildirilib ki, Tbilisi Şəhər Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi “Lilo Mall” ticarət mərkəzi ərazisində baş vermiş qəsdən adam öldürmədə faktı üzrə təqsirli bilib.
Qeyd olunub ki, məhkum dostu vasitəsilə qətlə görə odlu silah və pul qəbul edib. O, 2023-cü il avqustun 3-də sifarişi yerinə yetirmək üçün “Lilo Mall”a gəlib və zərərçəkmişi başından iki güllə ilə vuraraq hadisə yerindən qaçıb. İş adamı aldığı yaralardan avqustun 17-də dünyasını dəyişib. İş üzrə daha iki nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan biri sifarişlə qəsdən adam öldürmədə, digəri isə cinayətə yardım etməkdə ittiham edilirlər. Hər iki işə Tbilisi Şəhər Məhkəməsində baxıldığı qeyd olunub.
Xatırladaq ki, 2023-cü il avqustun 3-də baş vermiş silahlı hücum nəticəsində etnik azərbaycanlı iş adamı Roman İsayev qətlə yetirlib. Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu başından yaralayıb və hadisə yerindən qaçıb.
Qətl anı ətrafdakı kameralara düşüb.