
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” (İsrail) qarşılaşmasında insident yaşanıb.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, “Beşiktaş” azarkeşlərinin tribunalarda Fələstin bayrağı açmasına Gürcüstan polisi sərt müdaxilə edib.
Qarşılaşmanın 25-ci dəqiqəsində tribunalarda gərginlik artıb. Polis azarkeşlərə qarşı bibər qazından istifadə edib, hakimlər isə paltardəyişmə otağına yollanıblar. Hadisələr zamanı “Beşiktaş” azarkeşlərindən biri xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları azarkeşləri sakitləşdirməyə çalışıblar.
Azarkeşlərə qarşı stadionun kənarında da zor tətbiq edildiyi, onlardan bəzilərinin huşunu itirənədək döyüldüyü bildirilir.
Qeyd edək ki, qarşılaşmadan əvvəl “Beşiktaş”ın futbolçuları İsrail təmsilçisinin oyunçuları ilə əl sıxmayıblar.
**
İnsident səbəbindən müvəqqəti dayandırılan qarşılaşma təxminən 40 dəqiqə sonra qaldığı yerdən - 25-ci dəqiqədən etibarən bərpa edilib.
**
Türkiyənin "Beşiktaş" klubu İsrailin "Hapoel Beer-Şeva" komandasını 2:1 hesabı ilə məğlub edib.
Qarşılaşmada hesabı 75-ci dəqiqədə Junior Olaytan açıb. 15 dəqiqə sonra Orkun Kökçü Duşan Vlahoviçin ötürməsindən sonra hesab arasındakı fərqi iki topa çatdırıb. 90+4-cü dəqiqədə Ceyvon İst qollardan birinin əvəzini çıxsa da, qonaqlar hesabı bərabərləşdirə bilməyiblər.


