Gürcüstan ərazisində yağan leysan yağışları ölkə ərazisində ciddi problemlər yaradıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, gecə boyu yağan güclü yağış nəticəsində azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani rayonlarında, eləcə də paytaxt Tbilisidə, Rustavi şəhərində, ölkənin Qərb bölgəsində xüsusilə ciddi problemlər yaşanıb.
Xram və Debet çaylarının məcrasından çıxması nəticəsində Marneuli bazarı, vətəndaşlara məxsus təsərrüfat sahələri sel suları altında qalıb, evlərin, sosial obyektlərin birinci mərtəbələri su ilə dolub. Bolnisidə magistral yoldakı körpünün bir hissəsi çöküb. 15 kəndlə əlaqə kəsilib.
Marneuli bələdiyyəsinin Kirəç Muğanlı kəndində yerləşən hərbi kazarma, bir neçə yaşayış evi, əkin sahəsi, kafe və obyektlər sel suları altında qalıb. Hazırda hərbi-kazarma ərazisində helikopterlə təxliyə işləri aparılır.
Qərb bölgəsində də çaylar məcrasından, avtomobil yolları, elektrik və qaz xətləri sıradan çıxıb.
Güclü yağışlar nəticəsində dəmir yolu infrastrukturuna da ciddi ziyan dəyib, bəzi qatar reysləri təxirə salınıb.