Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Sorsor kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı su kanalına aşması nəticəsində qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Mirzəyev Yasin Şəfaqət oğlunu xüsusi vasitələrin köməyi ilə xilas ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.