"Bakının Yeni Yasamal ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı müştərək travma alan üç nəfər təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".
Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda deyilir: "Avqustun 5-i saat 1:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Əsəd Əhmədov, 24 ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
1974-cü il təvəllüdlü şəxs (qadın cinsli), 1991-ci il təvəllüdlü şəxs (kişi cinsli) və 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) başın, döş qəfəsinin səthi travması və bədənin bir neçə nahiyəsinin əzilməsi diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Xəsarət alanların hər birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Yeri gəlmişkən, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli jurnalistlərə deyib ki, hadisə zamanı avtobusda sürücü olmayıb: "Avtobus park edilmiş vəziyyətdə olub. Hansısa nasazlıq səbəbindən avtobus hərəkət edib. Hadisə nəticəsində avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib. Üç nəfər xəsarət alıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır".
**09:42
Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamalda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb.
FHN-in mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə zamanı “TOYOTA CAMRY” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
**
Baku.ws-in məlumatına görə, sözügedən avtobus 165 nömrəli marşrut üzrə hərəkət edirmiş.
**
Bakının Yeni Yasamal ərazisində zəncirvari yol qəzası baş verib.
Senzor.az bildirir ki, idarəetməni itirən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun kənarında dayanan maşınlara çırpıb.
Nəticədə 10-dan çox avtomobilə ziyan dəyib. Əraziyə Dövlət Yol Polisi əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sərnişin avtobusunun əyləc sistemində nasazlıq yaranıb.