SOCAR-ın Bakının Suraxanı rayonu ərazisində yerləşən Neft-qaz Elmi Tədqiqat Layihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə Senzor.az-a FHN-dən məlumat verilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
**16:29
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Nazirlikdən Senzor.az-a verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
** 16:01
Bu arada o da məlum olub ki, yanğınla əlaqədar Suraxanı rayonu ərazisindəki bəzi yollar bağlanıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi-Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
**
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.
Senzor.az-ın məlumatına görə, TƏBİB-dən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.
**
Suraxanı rayonu ərazisində baş verən yanğınla bağlı ETSN-in əməkdaşları hazırda ərazidə monitorinq işləri aparırlar. Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürürlər.
**15:28
Bakının Suraxanı rayonu istiqamətində yanğın başlayıb.
“Qafqazinfo” bildirir ki, yanğından sonra yayılan qatı tüstü paytaxtın, demək olar, bütün ərazilərindən görünür.
İlkin məlumata görə, ərazidəki yanğın neft çənindən başlayıb.
**
Senzor.az bildirir ki, bu arada Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
Qeyd olunub ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.