Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, şübhəli şəxs dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin edilməklə cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və şübhəli şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.
Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub.
Faktla bağlı araşdırma aparılır.