Paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Yeni Günəşli qəsəbəsində sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı marketə çırpıb.
TƏBİB-dən bildirilib ki. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Şahidlərin verdiyi məlumata görə, sükan arxasında əyləşən qadın sürücü yanlışlıqla əyləcin əvəzinə qaz pedalını sıxaraq gəldiyi sürətlə də marketə çırpılıb.
Bu arada DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli Qəsəbəsi ərazisində vətəndaş G. İsayeva idarə etdiyi "Toyota" markalı avtomobillə idarəetməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.
Nəticədə marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Araşdırma davam etdirilir.