Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası - 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası - 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.
Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb.
İbtidai istintaq davam etdirilir.