İranın Beyrutdakı Səfirliyi ölkənin diplomatik missiyasının rəhbəri Müctəba Əmaninin partlayış zamanı gözünü itirməsi barədə yayılan məlumatları təkzib edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İran səfirliyi bu barədə “X” hesabında paylaşım edib.
“Həmvətənlərimiz və media nümayəndələrini məlumatlandırmaq istəyirik ki, səfir Əmaninin müalicə prosesi yaxşı gedir. Əmaninin fiziki vəziyyəti və görmə qabiliyyəti ilə bağlı yayılan şayiələr yalandır”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, “The New York Times” İran İslam İnqilabı Keçişkiləri Korpusunun nümayəndələrinə istinadən Beyrutda peycerlərin anidən partlaması nəticəsində səfir Müctəba Əmaninin bir gözünü itirməsi, digər gözündən isə ağır yaralanmasını yazmışdı.
**10:00
İranın Livandakı səfiri Müctəba Əmaninin şəxsi peycerinin partlaması nəticəsində bir gözünü itirib, digər gözü isə ciddi xəsarət alıb.
Bu barədə "Nyu York Tayms" qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə istinadla xəbər verib.
Bildirilir ki, Əmaninin xəsarətləri əvvəl deyilənlərdən daha ciddidir və o, müalicə üçün Tehrana aparılacaq.
Qəzet bildirir ki, sosial mediada yayılan videoda hücumdan sonra Əmaninin köynəyi qanlı halda Livanda küçədə olduğu görünür.
Qeyd edək ki, Səudiyyə Ərəbistanına məxsus "Əl-Hədəs" xəbər kanalı Tehranın Beyrutdakı səfirliyinə istinadən dünən bildirmişdi ki, Əmaninin ümumi vəziyyəti yaxşıdır və xəsarətləri yalnız səthi xarakter daşıyır.
Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Son məlumatlara görə, partlayışlar nəticəsində azı 11 nəfər həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla dörd mindən çox insan yaralanıb. Baş verənlərdə İsrail xüsusi xidmət orqanları şübhəli bilinir.
**18:41(17:09.2024)
Beyrutun cənubunda kütləvi kiberhücumlar zamanı peycerlərin partlaması nəticəsində mindən çox insan yaralanıb.
Bu haqda “Mehr” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İranın Livandakı səfiri Müctəba Əmani də rabitə qurğusunun partlamasından sonra yaralanıb.
Onun yüngül xəsarət aldığı və hazırda xəstəxanada müşahidə altında olduğu bildirilir.