Lənkəranda ağır qəza baş verib.
Senzor.az bildirir ki, hadisə gecə saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəklərinə, qaz xəttinə, sonra da həyətyanı hasara çırpılıb. Qəza nəticəsində avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən həyatını itirib.
4 nəfər - 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri sözügedən şöbədə davam etdirilir.
Qeyd edək ki, avtomobildə olanlar Lənkəran rayonunun Cil kənd sakinləridir.
İlkin məlumata görə qəzaya səbəb kimi yüksək sürət göstərilir.
Faktla bağlı araşdırma aparılır.