Monteneqronun Çetinye şəhərində silahlı cinayətkarın açdığı atəş nəticəsində 12 nəfər, o cümlədən 2 uşaq həlak olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, kütləvi qətl yanvarın 1-i axşam yerli barların birində məişət zəminində mübahisə nəticəsində baş verib.
Qətldə şübhəli bilinən şəxs keçmişdə qanunsuz silah saxlamağa görə saxlanılan 45 yaşlı Atso Martinoviçdir.
Barda müştərilərdən biri ilə mübahisə edən şəxs silah götürmək üçün evinə gedib, daha sonra geri qayıdaraq müəssisənin sahibini və bir neçə nəfəri güllələyib. Sonra o, küçədə atəş açıb.
Prokurorun məlumatına görə, ümumilikdə qətllər beş müxtəlif yerdə törədilib. Martinoviç bar sahibinin ailəsini, o cümlədən iki uşağı da öldürüb.
Polis cinayətkarı yaxalamaq üçün gələndə o, intihar etməyə cəhd göstərib və xəstəxanaya aparılarkən yolda ölüb.
Çetinyedə kütləvi qətllə əlaqədar üç günlük matəm elan edilib.