Ucarda baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
"Report" xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişənlər Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.
Hadisə zamanı xəsarət alanların sayı isə 22 nəfərə çatıb.
Qeyd edək ki, hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı 14 avtomobil toqquşub.
BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, ilkin ehtimala görə, qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
**10:02
Ucar rayonunda 13 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
”Report” xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.
Qəzaya uğrayan “Mercedes”in sürücüsü sayta yolun qarşı tərəfində baş vermiş qəza ilə əlaqədar dayandıqlarını, bu əsnada arxadan gələn “KamAZ” markalı yük maşınının avtomobillərə çırpıldığını bildirib.
Yaralılardan bəziləri Ucar Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bundan başqa, olay yerinə Göyçay Rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası köməyə gəlib.
Hadisə yerinə FHN-in xüsusi riskli qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub, avtobillərdə sıxılıb qalmış sərnişin və sürücülər avtomobillərdən çıxarılıb.
Qəza zamanı xəsarət alanlar – 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı N.A., 44 yaşlı Əlizamin Məmmədov xəstəxanaya yerləşdirilib. Hadisədə ölənlər isə aidiyyəti üzrə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.