Bu gün səhər saat 7 radələrində Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "OBA" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib.
Senzor.az bildirir ki, bu barədə “OBA” məlumat yayıb.
"Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir: "Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq".
Yeri gəlmişkən, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.
Bildirilib ki, bu gün saat 07:10-da FHN-in “112” qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub: "Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb".