Xırdalan şəhərində baş vermiş yanğın tam söndürülüb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb”, – FHN-in məlumatında qeyd olunub.
**02:38
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə Senzor.az-a FHN-dən bildirilib.
Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
**01:33
Gecə saatlarında "AAAF Park" yaşayış massivinin ərazisindəki “Faxralı” restoranında yanğın baş verib.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumatlarda yanğının hələ söndürülmədiyi bildirilir.
Məlumatı Fövqəladə Hallar Nazirliyindən təsdiqləyiblər: "Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub".
**
Məlumata görə, yanğın nəticəsində restorana bitişik fitnes salonuna da ziyan dəyib.
Alovun yaşayış binasına keçməsinin qarşısının alınması üçün tədbirlər görülür. Təhlükəsizlik məqsədi ilə binadan sakinlər təxliyə edilir.
**
FHN yanğınla bağlı daha bir məlumat yayıb.
Bildirilib ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb: “Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir. Əlavə məlumat veriləcək”.