Qırğızıstanda Avropadan gələn turistləri daşıyan qatar vandalizm aktına məruz qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə cümə günü “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qırğızıstan dəmir yolunun Kant-Alamədin hissəsində naməlum şəxslər İssık-Kul vilayətinin Balıqçı şəhərindən gələn turist qatarını daşa basıb, vaqonların şüşələrini sındıraraq vandalizm aktı törədiblər. Hadisə ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Bu cür hərəkətlər sərnişinlər üçün ciddi narahatlıq yaratmaqla yanaşı, həm də onların təhlükəsizliyini birbaşa təhdid edir. Respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərən cinayət əməlləri nəticəsində qonaqların zərər çəkməsi xüsusilə yolverilməzdir”, - deyə şirkətdən qeyd ediblər.
Qeyd edək ki, Avropadan gələn ilk turist qatarının marşrutu Özbəkistan, Qırğızıstan və Qazaxıstanı əhatə edir. Qatar 11 vaqondan ibarətdir və sərnişinlərin ümumi sayı 80 nəfəri ötür.