Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” bildirir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü - 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatları araşdırılır.
Saytın məlumatına görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.
**
Bakupost.az-ın məlumatına görə, İlahə Şahverdiyeva şəhid Rəsul Şahverdiyevin qızı, Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır.
Məlumatı İ.Şahverdiyevin oğlu Anar Şahverdiyev təsdiq edib. Onun sözlərinə görə, İlahə Şahverdiyeva hərbi hissələrin birində aşpaz kimi çalışırmış: “Biz də yeni xəbər tutmuşuq. Bizə onun ölmədiyini, vəziyyətinin ağır olduğunu bildiriblər. Gəncəyə hospitala aparıblar. Biz də oraya gedirik”.
**
Müdafiə Nazirliyindən bildirilib ki, aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.