Bu gün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 06 radələrində naməlum şəxs (və ya şəxslər) kənddə tənha yaşayan 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olub.
Qadının başına un kisəsi keçirilərək ona küt alətlə zərbələr endirilib və evdəki pulların yerini deməsi tələb edilib. Z.Nağıyevaya məxsus 6 min manat və pensiya kartından çıxardığı məbləğ götürülüb.
Kənd sakinləri 74 yaşlı qadını əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Onurğa sümüyünün və qabırğaların sınığı, kəllə-beyin travmaları alan ahıl qadın Gəncədəki xəstəxanaya aparılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov KİV-in sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Z.Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra o, tənha yaşayırmış.