Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin informasiya daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.
Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.
Müəyyən edilib ki, yanğın zamanı ölənlər bir ailənin üzvləridir. Belə ki, Muğan Gəncəli kənd sakini Bahar Niyazovaya məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüblər. Hadisə zamanı ev sahibi və digər oğlu xilas olublar.
“Report”un əldə etdiyi xəbərə görə, yanğın gecə saatlarında evdə elektrik naqillərində olan qısaqapanmadan baş verib. Gecə saatları olduğundan evdə olan şəxslərin 4-ü də yuxuda olub.
Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.