Kolumbiyada, Boqotanın qərbində keçirilən seçki tədbiri zamanı 2026-cı il seçkilərində Demokratik Mərkəz partiyasından prezidentliyə namizəd olan senator Migel Uribe Turbay silahlı hücuma məruz qalıb.
Senzor.az bildirir ki, bu barədə “BluRadio” məlumat yayıb.
Məlumata görə, senator tədbirdə çıxış edərkən iki silahlı şəxs onu arxadan güllələyib. Bundan sonra gələnlər və yerli sakinlər arasında təşviş yaranıb.
Altı güllədən ikisi siyasətçinin başına dəyib. Turbay ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Siyasətçi əvvəlcə Medicentro klinikasına aparılıb, həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.
Daha sonra xəstənin “ixtisaslı həkim briqadası tərəfindən xüsusi yardım göstərmək üçün” başqa tibb müəssisəsinə köçürülməsi qərara alınıb.
"Rəsmi tibbi hesabat dərc edilməsə də, siyasi liderə yaxın mənbələr onun şüurlu olduğunu və daimi müşahidə altında saxlanıldığını bildiriblər", - “BluRadio” bildirib.
Kolumbiya polis direktoru Karlos Fernando Triana deyib ki, faktla bağlı azyaşlı şübhəli şəxs qismində saxlanılıb. Onun sözlərinə görə, hadisə zamanı o, ayağından yaralanıb və hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir.
Hadisə nəticəsində bir kişi və bir qadın olmaqla iki nəfər də yaralanıb, cinayət silahı hadisə yerindən aşkar edilərək götürülüb.
Bundan əlavə, hakimiyyət sui-qəsd cəhdinin bütün iştirakçılarının kimliyini müəyyən etməyə kömək edəcək istənilən məlumata görə 3 milyard peso (təxminən 730 min ABŞ dolları - red.) məbləğində pul mükafatı elan edib.