Avstriyanın Qrats şəhərindəki məktəbdə silahlı insident baş verib. Bir nəfər məktəbə gələrək, şagirdlərə və müəllimlərə atəş açıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində, hücum edən şəxs də daxil olmaqla, 10 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Avstriyanın tarixində baş vermiş ən faciəvi silahlı hücumlardan biri olan bu hadisə zamanı tapança və tüfəngdən istifadə edilib.
Hadisəni törədən 22 yaşlı şəxs Drayşütsenqasse Federal Real Gimnaziyasının keçmiş şagirdi olub. İlkin versiyaya görə, o, məktəbdə təhsil aldığı dövrdə sinif yoldaşları tərəfindən mobbinqə məruz qalıb və törətdiyi əməl qisas xarakteri daşıyıb.
Avstriyanın federal kansleri Kristian Ştoker baş vermiş hadisəni ağlasığmaz hadisə və milli faciə kimi dəyərləndirib. Dövlət başçısı Aleksander Van der Bellen sosial mediadakı hesabında Qratsdakı dəhşəti sözlə ifadə etməyin mümkün olmadığını yazıb.
Avstriya Daxili İşlər Nazirliyi ictimaiyyətə müraciətində hadisə baş vermiş ərazidə çəkilmiş foto və videoları sosial mediada yaymağa deyil, təhqiqat məqsədilə nazirliyin saytındakı xüsusi bölməyə yükləməyə çağırıb.