Qusar - Şahdağ yolunda ağır qəza baş verib.
Senzor.az bildirir ki, "Chevrolet" və "Haval" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində maşınlarda olan 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan beş nəfəri Pakistan vətəndaşlarıdır.
Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı Pakistan vətəndaşlarının olduğu "Haval" markalı avtomobil Şahdağ Turizm Mərkəzindən Bakıya gəlirmiş. Şahdağ-Qusar yolunda avtomobilin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb və qarşıdan gələn "Chevrolet" markalı avtomobillə toqquşub...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) KİV-in sorğusuna cavab olaraq bildirilib ki, iyunun 27-si, saat 14:00-da Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə yeddi nəfər (altısı kişi, biri qadın cinsli) Qusar Rayon Mərkəzi Xəstəxasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"1994-cü (qadın cinsli) və 1995-ci il təvəllüdlü (kişi cinsli) şəxslərə bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin edilib. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra onlar özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.
Beş nəfərə (hər biri kişi cinsli) bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlardan ikisi vəziyyətləri orta-ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir",- deyə məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.