Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Əlavə məlumat veriləcək.
**10:32
Ağdam və Ağdərədə davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb edilib.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
**23:40(23.07.2025)
Ağdam və Ağdərə rayonları ərazilərində davam edən yanğın mina partlayışları ilə müşayiət olunur.
"Report"un xəbərinə görə, Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılan yanğın hələ də davam edir.
Yanğının geniş yayıldığı ərazilərdə əsasən Qazançı kəndi istiqamətində mina partlayışları müşahidə edilir.
Ərazinin dağlıq və minalı olması yanğının söndürülməsi işini çətinləşdirir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən açıqlamada bildirilib ki, sözügedən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
**22:40
Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilən ərazilərində yanğın baş verib.
"Report"un xəbərinə görə, yanğın hadisəsi Xaçınçayı boyunca yerləşən Ağdam rayon Əlağalı və Yeni Qaralar kəndləri ərazisindən başlayıb.
Geniş əraziyə yayılan yanğın Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.
Əsasən ot və kol bitkilərinin yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışır.
Hazırda yanğın davam edir.