Ötən gün saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Senzor.az bildirir ki, TƏBİB-in yaydığı yeni məlumatda belə deyilir.
Qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır.
Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Bu arada hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsi aidiyyəti qurumlarla birgə araşdırmalara başlayıb.
İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.
Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.
**09:28
Avqustun 20-i saat 18:30 radələrindən başlayaraq, zəhərlənmə əlamətləri ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli, 9-u uşaq olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, göstərilən tibbi yardımdan sonra 15 nəfər ambulator müalicə üçün evə buraxılıb, 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həmin şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.