
Goranboyda döşəməsi çökərək yararsız hala düşən beşmərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
Senzor.az bildirir ki, hadisə ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev KİV-ə açıqlama verib.
İcra başçısı qeyd edib ki, noyabrın 25-dən etibarən bütün sakinlər binadan təxliyə olunub: “Səhər saatlarından etibarən vəziyyət tamamilə qəzalı hal alıb. Pilləkənlər sökülürdü, binadan səslər gəlirdi. Dərhal 50 metrlik bufer zona yaradaraq qabaqlayıcı tədbirlər gördük. Hadisə zamanı xəsarət alan olmadı...”.
Məhərrəm Quliyev onu da bildirib ki, bloku çökən qəzalı yaşayış binasının yerində yenisi tikiləcək və bununla bağlı Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edilib: “Artıq yeni binanın tikintisi ilə bağlı qərar qəbul edilib. Bina tamamilə qəzalı vəziyyətdədir və yenisinin tikintisi ilə bağlı geoloqlar, topoqraflar rayonda fəaliyyətə başlayıblar. Yeni yaşayış kompleksi köhnə binanın öz yerində tikiləcək. Qonşuluqda yerləşən binada da qəzalı vəziyyət müəyyən olunub və o da yenilənəcək. Ümumilikdə, 76 mənzilli yaşayış kompleksinin tikintisi üçün işə başlanılıb".
Daha ətraflı Baku TV-nin videomaterialında:

