
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Əraziyə həmçinin təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
**
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, yanğınla əlaqədar qurumun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Artıq yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırma aparılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
**
TƏBİB-in Mətbuat Xidmətindən bildirilib ki, dekabrın 5-i saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Daha 4 nəfər (qadın) isə tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan 3-nün vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.







