
Ağdam rayonunda mina hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıblar.
Qeyd olunub ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib. “1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - deyə birgə məlumatda vurğulanıb.
Bu arada “Report” məlumat yayıb ki, xəsarət alan Qədir Məmmədovun ilkin müayinəsi Ağdamdakı xəstəxanada aparılıb. Amma sonra müalicəsinin ixtisaslı tibb müəssisəsində aparılması qərara alınıb və o, Mingəçevirdəki hospitala təxliyə edilib.