
Fevralın 22-sinə keçən gecə Ukraynanın Lvov şəhərində iki partlayış baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndiriblər.
Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanıb, bir qadın polis həlak olub.
Ukraynanın daxili işlər naziri İqor Klimenko Lvovda baş verən və bir nəfər qadın polisin ölümünə, 25 nəfərin yaralanmasına (onların da çoxu polis əməkdaşlarıdır) səbəb olan terror aktında şübhəli bilinən şəxsin həbs olunduğunu açıqlayıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski də özünün Telegram kanalında məlumat verib.
"İstintaq bütün zəruri resurslarla təmin edilib. Saxlanılan şəxslə bağlı lazımi prosedur addımları davam edir. Daxili İşlər Nazirliyi sizi bütün zəruri detallar barədə məlumatlandıracaq", - deyə Prezident şübhəlinin kimliyini açıqlamadan bildirib.