
Dağıstana bir həftə ərzində ikinci dəfə sel gəlib.
“RİA Novosti” xəbər verir ki, güclü yağışlar nəticəsində çaylar məcralarından çıxıb.
Kəndləri və yolları su basıb. Mindən çox ev su altında qalıb. Bir neçə bina selin gücünə tab gətirə bilməyib. Məsələn, Qazoprovodnaya küçəsində yerləşən binanın bünövrəsi su ilə yuyulub. Bundan sonra bina çökməyə başlayıb və şahidlərin gözü qarşısında uçub, bu zaman içəridə insanların olduğu ehtimal edilir.
FHN əməkdaşları təxliyə və axtarış-xilasetmə işləri aparırlar.
Şəhər meriyasından bildirilib ki, azı daha dörd çoxmənzilli yaşayış binasının uçma təhlükəsi var və bu binalardan artıq 300 nəfərə yaxın insan təxliyə olunub. Mahaçqalada fövqəladə vəziyyət rejimi elan edilib.
Prokurorluğun məlumatına görə, yaşayış binasının uçması faktı ilə bağlı yoxlamaya başlanılıb.
Hazırda Mahaçqalada elektrik enerjisinin verilişində də problemlər yaşanır.
Hava məlumatlarında növbəti 24 saat ərzində güclü yağışların gözlənildiyi bildirilir.