
Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib.
Senzor.az bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.
"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir", - məlumatda qeyd olunub.
**
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.
Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
**
TƏBİB-dən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.