
Bu gün saat 10:00 radələrində Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
1983-cü il təvəllüdlü şəxsə müştərək travmalar, hər iki diz nahiyəsinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş iymətləndirilən pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
**11:00
Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.
Ölən şəxslərin hərbçi olduqları bildirilir.
FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
**

Qəzada ölən şəxslərin adları artıq məlum olub.
Onlar - leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğludur.
"Hundai" markalı avtomobilin sürücüsü Cəfərov Sadiq Rafael oğlu isə xərasət alıb.


