
Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində körpüdə çökmə baş verib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, hadisə Bakı istiqamətində yolun 55-ci kilometrliyində yerləşən kanal körpüsündə qeydə alınıb.
“Körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb. Hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək paytaxt istiqamətində hərəkət məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.
Əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərər müəyyənləşdirilir. Qısa müddət ərzində bərpa işlərinə başlanılacaq”, - deyə AAYDA-nın məlumatında bildirilib.
Şahidlərin dediyinə görə, körpünün asfalt örtüyü çökərkən həmin an ərazidən keçən yük avtomobili idarəetməni itirərək yarığa düşüb. Hadisə magistralda nəqliyyatın hərəkətini tamamilə dayandırıb. Yolda kilometrlərlə uzanan tıxac yaranıb...


